Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbər heyəti ilə görüş keçirilib. Görüş çərçivəsində Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və MDU-nun rektoru Anar Eminov arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Görüşdə E.Səfərli Milli Observatoriyanın son dövrdə həyata keçirdiyi analitik fəaliyyətlər barədə məlumat verib. O, bildirib ki, qurum əmək bazarının təhlili və monitorinqi sahəsində apardığı işlərlə etibarlı məlumat mənbəyi kimi formalaşıb və bu istiqamətdə fəaliyyət ardıcıl şəkildə təkmilləşdirilir.
A.Eminov tələbəyönümlü təhsil mühitinin gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi universitetin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.
Rektor, həmçinin, Milli Observatoriya ilə əməkdaşlığın tələbələrin real iş mühiti ilə təmasının artırılması və universitet–sənaye tərəfdaşlıqlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
İmzalanmış Memorandum çərçivəsində əmək bazarının vəziyyəti, sosial müdafiə sahəsində inkişaf meyilləri və gənclərin məşğulluq imkanları üzrə birgə tədqiqatlar aparılacaq, regionun sosial‑iqtisadi göstəricilərinə dair analitik hesabatlar hazırlanacaq. Bununla yanaşı, MDU tələbələri üçün Milli Observatoriyada istehsalat təcrübəsi, könüllülük və təlim proqramları təşkil olunacaq.
Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi sorğu və monitorinq mexanizmlərinin qurulması, tələbələr və region əhalisi arasında mütəmadi məlumat toplama proseslərinin aparılması nəzərdə tutulur.