Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı arasında görüş keçirilib.
E.Səfərli qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Milli observatoriya tərəfindən əldə olunan analitik məlumatlar əmək bazarının real tələblərinin müəyyən edilməsinə, insan kapitalının inkişafına yönəlmiş dövlət proqramlarının daha səmərəli qurulmasına şərait yaradır. Bu baxımdan peşə təhsili sistemi ilə məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır.
İ.Bayramlı isə çıxışında Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O vurğulayıb ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi, peşə təhsilinin keyfiyyətinin artırılması və məzunların məşğulluğunun təmin edilməsi Agentliyin prioritet məsələlərindəndir. Bu məqsədlə əmək bazarına dair analitik məlumatların və proqnozların əhəmiyyəti xüsusi olaraq qeyd edilib.
Görüşdə iki qurum arasında mövcud əlaqələr, həmçinin əmək bazarının ehtiyaclarına uyğun peşə təhsilinin inkişafı istiqamətində mümkün əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.