Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə psixoloji elmi araşdırmalar aparan Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və İnstitutun direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov imzalayıblar.
Görüşdə çıxış edən E.Səfərli qurum tərəfindən aparılan təhlillərə toxunaraq bildirib ki, əmək bazarında peşə seçimləri zamanı yalnız statistik göstəricilərə əsaslanmaq kifayət etmir. Qərarların daha sağlam və dayanıqlı olması üçün onlar mütləq psixoloji təhlillərlə zənginləşdirilməlidir.
Qeyd olunub ki, işçilərin motivasiyası, adaptasiya bacarıqları və psixososial vəziyyəti nəzərə alınmadan dayanıqlı məşğulluq siyasəti qurmaq mümkün deyil.
E.Rüstəmov isə çıxışında psixoloji xidmətlərin roluna diqqət çəkib. O, insanların psixi sağlamlığının qorunması, sosial adaptasiyanın gücləndirilməsi və təhsil, əmək bazarı kimi sahələrdə dayanıqlı inkişafın təmin edilməsinin vacibliyini vurğulayıb.
Sənədə əsasən, tərəflərin əməkdaşların psixoloji dayanıqlılığının artırılması və liderlik davranışlarının inkişaf etdirilməsi məqsədilə birgə seminar və master-klasların təşkili, işçi qüvvəsinin psixoloji profilinin qiymətləndirilməsi üçün müvafiq alətlərin hazırlanması, həmçinin əlilliyi müəyyən edilmiş şəxslərin və onların valideynlərinin psixoloji rifah səviyyəsinin öyrənilməsi üzrə birgə fəaliyyəti nəzərdə tutulub.