Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində ahıl şəxslərə “Fərdi Məlumatların qorunması” mövzusunda maarifləndirici təlim keçirilib.
"İnsan Hüquqları Aylığı” çərçivəsində baş tutan tədbirin məqsədi ahıl şəxslərin gündəlik həyatında fərdi məlumatların qorunması ilə bağlı biliklərini artırmaq, onları kibercinayətkarlıq risklərindən qorumaq və hüquqlarının müdafiəsini gücləndirmək olub.
İştirakçılara izah edilib ki, ad, soyad, ünvan, telefon nömrəsi və kart məlumatları başqaları ilə paylaşılmamalıdır, kart nömrəsi, PIN kodu və SMS təsdiq kodları heç kimə açıqlanmamalıdır, şübhəli mesajlara və linklərə daxil olmamaq, tanımadığınız şəxslərin göndərdiyi faylları açmamaq vacibdir, şübhəli zəng və ya mesaj olduqda isə övladlara, yaxınlara və ya sosial xidmət işçilərinə məlumat vermək lazımdır.
Təlimin sonunda onları maraqlandıran sualları cavablandırılıb və gündəlik həyatda tətbiq oluna biləcək tövsiyələr paylaşılıb.