Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Mingəçevir şəhərində ictimai dinləmə keçirib.
Tədbir “Regionlarda əmək bazarının öyrənilməsi və kadr potensialının gücləndirilməsi” mövzusuna həsr olunub.
Dinləmədə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhərindən işəgötürənlər, region üzrə işaxtaran gənclər, Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim heyəti iştirak ediblər.
İştirakçılara Milli Observatoriyanın fəaliyyəti, əmək bazarında müşahidə olunan qlobal və yerli trendlər, işəgötürənlərin namizədlərdən gözləntiləri, ixtisas seçiminin gələcək məşğulluq imkanlarına təsiri barədə ətraflı məlumat təqdim olunub.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən görüşdə bölgədə fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri də iştirak edib. Mingəçevir Valideynlər Assosiasiyasının sədri Fərman Nəbiyev çıxışında tədbirin əhəmiyyətini vurğulayıb, əmək bazarının inkişafı və gənclərin məşğulluq imkanlarının artırılması ilə bağlı təkliflərini səsləndirib.
Daha sonra iştirakçıların qarşılaşdığı çətinliklər dinlənilib, sualları cavablandırılıb.
Müzakirələr zamanı region üzrə əmək bazarının aktual problemləri, işçi qüvvəsinin keyfiyyət göstəriciləri, peşə hazırlığının gücləndirilməsi diqqət mərkəzində olub.