Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Naxçıvan Muxtar Respublikasında, Naxçıvan Dövlət Universitetinin tələbələrinin inkişafına yönəlmiş “Liderlik və İdarəetmə” və “Emosional Zəka” mövzularında master-klaslar təşkil edib.
Universitetlə imzalanmış əməkdaşlıq Memorandumunun şərtlərinə əsasən keçirilən görüşdə tələbələrə müasir idarəetmə yanaşmaları, komanda ruhunun formalaşdırılması, liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi, həmçinin emosional zəkanın gündəlik həyat və peşəkar mühitdə rolu barədə geniş məlumat verilib.
İştirakçılar interaktiv müzakirələrdə öz fikirlərini bölüşüb, real situasiyaların təhlilində iştirak edərək qərarvermə bacarıqlarını sınayıblar. Bu proses tələbələrin həm özünüifadə, həm də ictimai çıxış bacarıqları üzərində işləməsinə şərait yaradıb.
Master-klasların əsas məqsədi gənclərin gələcək peşə fəaliyyətində daha uğurlu və rəqabətqabiliyyətli olmaları üçün onların liderlik bacarıqları və emosional zəka potensialını gücləndirməkdir.