Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Bakı Slavyan Universiteti arasında əmək bazarının inkişafı, insan kapitalının gücləndirilməsi və təhsil sisteminin əmək bazarına daha effektiv inteqrasiyası məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənəd Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev tərəfindən imzalanıb.
Memorandumun imzalanması münasibətilə keçirilən görüşdə tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyət istiqamətləri və əmək bazarına verdikləri töhfələr barədə geniş fikir mübadiləsi aparıblar.
E.Səfərli bildirib ki, Milli Observatoriya əmək bazarının dinamik monitorinqi, peşə bacarıqlarının qiymətləndirilməsi və kadr ehtiyaclarının proqnozlaşdırılması sahəsində müasir yanaşmalar tətbiq edir.
Qeyd edilib ki, ali təhsil müəssisələri ilə qurulan strateji tərəfdaşlıq əmək bazarının real tələblərinə uyğun kadr hazırlığını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
A. Nağıyev isə çıxışında universitetin təhsil strategiyası, innovativ yanaşmaları və əmək bazarına yönəlik proqramları barədə məlumat verib. O qeyd edib ki, BSU əmək bazarının dəyişən tələblərinə uyğun olaraq tədris proqramlarını yeniləyir, tələbələrin peşə hazırlığını gücləndirir və onları əmək bazarına daha hazırlıqlı şəkildə çıxmağa təşviq edir.
Rektor bu əməkdaşlığın elmi-praktik biliklərin artırılması, birgə tədqiqatların aparılması və tələbələrin karyera inkişafına dəstək baxımından mühüm imkanlar yaradacağını vurğulayıb.
Sənədə əsasən tərəflər birgə tədqiqat və təhlil layihələrinin həyata keçirilməsi, təhsil proqramlarının əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması, tələbələr üçün təlim və seminarların təşkili, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və məzunların məşğulluq imkanlarının artırılması istiqamətində fəaliyyət göstərəcəklər.