Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüş çərçivəsində Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Agentliyin direktoru İlqar Bayramlı tərəfindən iki qurum arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
E.Səfərli peşə təhsili müəssisələri ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edərək bildirib ki, əmək bazarı məlumatlarının peşə təhsilinə ötürülməsi ixtisasların yenilənməsi, təlim proqramlarının daha çevik qurulması və məzunların məşğulluq imkanlarının artırılması baxımından mühüm rol oynayır.
İ.Bayramlı qeyd edib ki, peşə təhsilinin əmək bazarının dəyişən ehtiyaclarına uyğunlaşdırılması Agentliyin prioritet istiqamətlərindəndir. İşəgötürənlərlə aparılan sıx əməkdaşlıq çərçivəsində tədris proqramlarının yenilənməsi və tələbələrin praktiki bacarıqlarla təmin olunması məzunların daha yüksək məşğulluq göstəricilərinə nail olmasına imkan yaradır.
Sənədə əsasən, tərəflər peşə təhsili müəssisələri üzrə qəbul sayı, məzun göstəriciləri və digər müvafiq statistik məlumatlar əsasında ixtisaslı işçi qüvvəsinin əmək bazarına adaptasiya səviyyəsinin təhlili, eləcə də peşə təhsili müəssisələri məzunlarının məşğulluq səviyyəsinin və onların əmək bazarına inteqrasiya vəziyyətinin qiymətləndirilməsi istiqamətində birgə təhlillər aparacaqlar.
Bundan əlavə, Memorandum çərçivəsində regionlar üzrə cari prioritet peşələrin, strateji məşğulluq sahələrinin və onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi, həmçinin əmək bazarı ilə peşə təhsili sistemi arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsi nəzərdə tutulur.