Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev ilə görüş keçirib.
Görüşdə müsabiqənin gənclərin peşəkar inkişafında oynadığı rol, onların idarəetmə bacarıqlarının gücləndirilməsi və əmək bazarında innovativ yanaşmaların tətbiqi müzakirə olunub.
E. Səfərli qalibləri təbrik edib “Yüksəliş” müsabiqəsinin ölkənin intellektual potensialının üzə çıxarılması və gənclərin dövlət idarəçiliyinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev öz təcrübələrini bölüşərək, müsabiqənin onlara verdiyi imkanlardan bəhs ediblər. Onlar əmək bazarında yeni ideyaların tətbiqi, sosial müdafiə sahəsində innovativ layihələrin hazırlanması və gənclərin bu proseslərə fəal qoşulması barədə fikirlərini səsləndiriblər.
Görüşdə gənclərin təşəbbüslərinin dəstəklənəcəyini, onların layihələrinin həyata keçirilməsinə töhfə veriləcəyi qeyd olunub.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.