Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxış edərək qurumun 2025-ci ildəki fəaliyyəti, əmək bazarının inkişaf tendensiyalarının təhlili, sosial müdafiə sahəsində monitorinqlərin, tədqiqatların aparılması və s. istiqamətlərdə görülmüş işlər barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, ötən il də Milli Observatoriyanın fəaliyyətində ictimai iştirakçılığın təmin olunması əsas prioritetlərdən biri olub. Bu məqsədlə ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, maraqlı tərəflərlə mütəmadi məlumat mübadiləsinin təşkili və əmək bazarı ilə bağlı məlumatların daha əlçatan olması üçün müxtəlif formatlarda tədbirlər həyata keçirilib.
Təhsil sistemindən əmək bazarına inteqrasiya prosesinin daha səmərəli təşkili məqsədilə məzunların məşğulluq göstəriciləri üzrə geniş tədqiqatlar aparılıb.
İctimai şuranın sədri Elşad Məmmədov və digər şura üzvlərinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyət sahələrində görülən işlərə dair rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb