Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində keçirilən görüşlər davam edir.
Bu çərçivədə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Azərbaycan Universitetinin (AU) və Bakı Avrasiya Universitetinin (BAU) rəhbər heyəti ilə görüşüb.
Görüşlərdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, tələbələrin praktik bacarıqlarının inkişafı və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Ali məktəb məzunlarının məşğulluq səviyyəsinin təhlili, tələbələrin analitik tədqiqat imkanlarına çıxışı və məlumat bazalarından istifadəsi, həmçinin praktik təcrübə proqramlarının təşkili, master-klaslar və müxtəlif təlimlərin keçirilməsi əməkdaşlığın əsas istiqamətləri kimi diqqətə çatdırılıb.
Milli Observatoriya ali təhsil müəssisələri ilə birgə fəaliyyətini daha da gücləndirməklə gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmağı, onların peşəkar bacarıqlarını artırmağı və işəgötürənlərin tələblərinə uyğun kadr hazırlığını təmin etməyi hədəfləyir.