Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və ADNSU-nun rektoru, dosent Rüfət Əzizov tərəfindən imzalanıb.
Görüşdə çıxış edən Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun fəaliyyəti və məqsədləri barədə məlumat verib. Qeyd edib ki, Observatoriya institusional potensialını gücləndirmək məqsədilə ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Bu əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar aparılır, təcrübə proqramları təşkil olunur və əmək bazarının tələblərinə uyğun təhsil modelləri hazırlanır. Bu yanaşma təhsil keyfiyyətinin artırılmasına və gənclərin məşğulluq imkanlarının genişlənməsinə xidmət edir.
Rektor Rüfət Əzizov universitetin təhsil imkanları, ikili diplom proqramları və beynəlxalq reytinqlərdə əldə olunan nailiyyətləri barədə məlumat verib. Bildirib ki, ADNSU ölkənin qabaqcıl ali təhsil müəssisəsi olaraq əmək bazarının tələblərinə uyğun kadr hazırlığına xüsusi önəm verir. Onun sözlərinə görə, universitet yüzlərlə özəl və dövlət müəssisəsi ilə əməkdaşlıq edir ki, bu da müxtəlif sahələr üzrə mütəxəssis çatışmazlıqlarının və gələcək potensialın müəyyənləşdirilməsinə imkan yaradır.
Memoranduma əsasən, tərəflər mühəndislik, texnologiya və sənaye sahələrində fəaliyyət göstərən şirkətlərlə birgə əməkdaşlıq edərək işə qəbul meyarlarını, əmək bazarının tələblərini və məzunların bacarıqları ilə bu tələblər arasındakı fərqləri təhlil edəcək, uyğunluğun artırılması istiqamətində təkliflər hazırlayacaqlar.
Habelə sənaye ilə daha sıx inteqrasiya olunmuş elmi-tədqiqatların aparılması, həmçinin texniki və innovativ təlimlərin təşkili də əməkdaşlıq çərçivəsində nəzərdə tutulur.