Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Bakı Slavyan Universitetinin (BSU), Odlar Yurdu Universiteti (OYU) və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını (AƏSMA) ziyarət edib.
Ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilən görüşlərdə universitet rəhbərləri ilə birlikdə 2025-ci il üzrə Tədbirlər Planı çərçivəsində artıq həyata keçirilmiş fəaliyyətlər müzakirə olunub, habelə 2026-cı il üçün nəzərdə tutulan planlar, gözləntilər və mümkün birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Elnur Səfərli çıxışında əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinin, ali təhsil müəssisələri ilə əməkdaşlığın isə daha sistemli əsasda davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüşlər zamanı həmçinin ali məktəb məzunlarının məşğulluq səviyyəsinin təhlili, tələbələrin analitik tədqiqat imkanlarına çıxışı, məlumat bazalarının istifadəsi, praktik təcrübə proqramları, master-klaslar və müxtəlif təlimlərin təşkili kimi istiqamətlər də müzakirə edilib.