Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ali təhsil və tədqiqat müəssisələri arasında gənclərin elmi-analitik bacarıqlarını inkişaf etdirmək məqsədilə SosialLab adlı müsabiqəyə start verib.
Müsabiqədə iştirak edən komandalar Nazirliyin və Observatoriyanın fəaliyyət istiqamətlərinə uyğun mövzular üzrə tədqiqat aparacaq, nəticələri hesabat şəklində təqdim edəcəklər.
Layihənin ilk mərhələsində komandalar üçün iki günlük təlim proqramı keçiriləcək. Təlimlərdə hesabatların hazırlanması qaydaları, metodoloji yanaşmalar və qiymətləndirmə meyarları təqdim ediləcək, bununla da iştirakçılar sonrakı mərhələdə hesabatlarını daha peşəkar şəkildə hazırlamaq imkanı qazanacaqlar.
Sonda təqdim edilən hesabatlar texniki uyğunluq və plagiat yoxlamasından sonra beynəlxalq akademik meyarlarla qiymətləndiriləcək.
Qalib komandaların məqalələrinin Scopus indeksli jurnallarda dərc olunması üçün akademik redaktə və çap dəstəyi göstəriləcək.
İki ay davam edəcək müsabiqədə artıq 11 ali təhsil və tədqiqat müəssisəsinin iştirakı təsdiqlənib.