Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Şirvan şəhərində ictimai dinləmə keçirilib. Tədbir “Regionlarda əmək bazarının öyrənilməsi və kadr potensialının gücləndirilməsi” mövzusuna həsr olunub.
Dinləmədə Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan işəgötürənlər, təhsil müəssisələrinin nümayəndələri və işaxtaran gənclər iştirak ediblər.
İştirakçılara Milli Observatoriyanın fəaliyyəti, əmək bazarındakı qlobal və yerli trendlər, işəgötürənlərin namizədlərdən gözləntiləri, eləcə də ixtisas seçiminin məşğulluq imkanlarına təsiri barədə məlumatlar təqdim olunub.
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq təşkil edilən görüş zamanı regionun əmək bazarına dair aktual məsələlər müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.