Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev arasında görüş keçirilib.
Əmək bazarının çağırışlarına uyğun təhsil strategiyalarının formalaşdırılması, kadr hazırlığında keyfiyyətin artırılması və universitet-sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı A.Nağıyev qeyd edib ki, universitetin əsas prioritetlərindən biri məzunların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir. Bu məqsədlə tələbələrin bilik və bacarıqlarının real iş mühitinin tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
E.Səfərli Observatoriyanın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı üçün ali təhsil müəssisələri ilə qurulan əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Əsas məqsədlərindən biri təhsil və məşğulluq arasında dayanıqlı körpü yaratmaqdır.
Görüş çərçivəsində BSU-da tədris olunan ixtisasların əmək bazarının tələblərinə uyğunluğu, birgə elmi-tədqiqatların aparılması, tədris proqramlarının yenilənməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.