Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Türkiyə Respublikasının Sosial Təminat Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən TOT (Training of Trainers) təlimi uğurla yekunlaşıb.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və hazırda Bakıda səfərdə olan ÇASGEM-in sədri Elif Gökarslan təlim iştirakçılarına sertifikatları təqdim ediblər.
Təlimçilər üçün nəzərdə tutulmuş bu proqram çərçivəsində iştirakçılara müasir təqdimat texnikaları, vizual ünsiyyətin gücləndirilməsi və auditoriya ilə effektiv əlaqə qurma üsulları praktiki nümunələr əsasında izah olunub.
Təlim zamanı iştirakçılar təqdimatın strukturlaşdırılması, mesajın aydın çatdırılması, vizual vasitələrin düzgün seçimi və dinləyici ilə qarşılıqlı əlaqənin qurulması kimi vacib bacarıqları inkişaf etdirmək imkanı əldə ediblər.