Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlət və özəl sektordan daha bir qrup işəgötürənlə görüş keçirilib.
Görüşdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Milli Observatoriyanın birgə “DOST Müfəttiş” layihəsinə dair təqdimat olub.
İşəgötürənlərə layihənin əsas məqsədləri, müəssisələrə verəcəyi faydalar və layihənin tətbiq qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, “DOST Müfəttiş” layihəsi, ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək üçün nəzərdə tutulub.
Layihənin əsas məqsədlərinə inzibati məsuliyyət risklərinin azaldılması, əmək qanunvericiliyinə əməl edilməsi istiqamətində preventiv tədbirlərin tətbiqi, əməyin mühafizəsi üzrə fəaliyyətin düzgün təşkili və insan resursları proseslərinin optimallaşdırılması habelə "Əmək və Məşğulluq" altsisteminin tətbiqi ilə bağlı texniki dəstək daxildir
Görüşün sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, layihə onlara əmək qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərməyə, müəssisələrində daha inkişaf etmiş bir iş mühiti yaratmağa imkan verəcək.