AZ

 

Təlim və İnkişaf Mərkəzi

 

Təlim və İnkişaf Mərkəzi – Nazirliyin təlim bazası rolunu oynayır. Nazirliyin və aidiyyəti qurumların əməkdaşlarının, eləcə də digər qurum və müəssisələrin əməkdaşlarının fərdi təlim ehtiyacları  istiqamətində təlimlər,  kurslar, konfranslar və məsləhət xidmətləri təşkil edərək əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.

 

Mərkəz tərəfindən ilk olaraq əməkdaşların bilikləri qiymətləndirilərək təlim ehtiyacları müəyyən edilir. Bu sahədə mövcud boşluqların və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə müxtəlif mövzularda təlimlər təşkil edir.

 

Təşkil edilən təlimlər kadr siyasətinin inkişafına, peşəkarlığın və fəaliyyətin səmərəliliyinin artırılmasına eləcə də əməkdaşların motivasiya edilməsinə xidmət edir.

 

Təlim Mərkəzi ƏƏSMN-nin və Nazirliyə tabeli qurumlar ilə sıx əməkdaşlıq edir, bu qurumların əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsi istiqamətində birgə tədbirlər görür, peşəkar inkişaf təlimlərinin təşkilini və koordinasiyasını həyata keçirir, müvafiq sahədə daxili peşəkar təlimçilərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflərin verilməsində və onların həyata keçirilməsində birbaşa iştirak edir.

 

Habelə, bir sıra dövlət və özəl müəssisələrə sifariş əsasında kommersiya əsaslı təlim-tədris xidmətlərini həyata keçirir, yerli və beynəlxalq təlim təşkilatçıları və tədarükçüləri ilə qarşılıqlı əməkdaşlıq qurur.

 

Təlim və İnkişaf Mərkəzində keçirilən təlimlər 5 əsas istiqaməti əhatə edir:

 

⮚   İdarəetmə sahəsi üzrə təlimlər;

⮚   Yumuşaq bacarıqlar üzrə təlimlər;

⮚   İT sahəsi üzrə təlimlər;

⮚   Funksional təlimlər;

⮚   Ümumi təlimlər.

 

Mərkəzdə tərəfindən təşkil edilən təlimlərin  prioritet məqsədləri  aşağıdakılardır:

 

⮚   İşçilərin peşə bilik, bacarıqlarının artırılması və səmərəli istifadə edilməsi, peşəkarlığının və əmək məhsuldarlığının yüksəldilməsi;

⮚   İşçilərin təliminə və peşəkar inkişafına ayrılan vəsaitlərin səmərəli istifadəsinin və rentabelliliyinin təmin edilməsi;

⮚   İşçilərin fərdi peşəkar özünüinkişafına və peşə bilik, vərdiş və bacarıqlarının artırılımasına təşviq edilməsi;

⮚   Xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması;

⮚   Nazirliyin sistemində meritokratiyanın daha da gücləndirilməsi;

⮚   Nazirliyin sisteminə daxil olan publik hüquqi şəxslərin kadr potensialının gücləndirilməsi vasitəsilə qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması.