AZ

Sorğu və Monitorinq Mərkəzi

 

Sorğu və Monitorinq Mərkəzi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlərin və sosial proqramların cari və perspektiv vəziyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi, inkişaf meyillərinin öyrənilməsi, bu məqsədlərlə monitorinq və sorğuların təşkili üçün baza rolunu oynayır.

 

Sorğu və Monitorinq Mərkəzi əmək bazarı, prioritet peşələrə ehtiyacın müəyyənləşdirilməsi, təhsildən əmək bazarına keçid imkanları, demoqrafiya, cəmiyyətin sosial ehtiyaclarını, vacib sosial məsələlərə dair düşüncə və münasibətlərini öyrənmək, əhalinin sosial xidmətlərdən məmnunluğunu ölçmək, sosial müdafiə siyasətində mexanizm və xidmətlərin, onların nəticələrinin qiymətləndirilməsi və təhlili vəzifəsini yerinə yetirir.

 

Mərkəz əhəmiyyətli sosial müdafiə, məşğulluq və demoqrafiya məsələləri ilə bağlı qərar qəbuledicilərə dəstək olmaq məqsədilə aşağıdakı istiqamətlər üzrə araşdırmalar aparır:

 

⮚   Məşğulluq sahəsində mühüm sosial-iqtisadi göstəricilərin hesablanması;

⮚   Əmək bazarında peşə və ixtisaslara tələb-təklifin proqnozlaşdırılması;

⮚   Əmək bazarında iş və bacarıqların tələb-təklifinin monitorinqi;

⮚   Təhsilin əmək bazarı ilə uyğunluğunun izlənməsi;

⮚    Demoqrafik vəziyyətin və trendlərin izlənməsi;

⮚    Cəmiyyətin sosial ehtiyacların öyrənilməsi;

⮚    Mühüm sosial məsələlər haqqında münasibət və düşüncələrin öyrənilməsi;

⮚    Cəmiyyətində həyat tərzi, davranışlar və trendlərin izlənməsi;

⮚     Sosial xidmətlər sahəsində vətəndaş məmnuniyyətinin ölçülməsi;

⮚     Sosial proqramların effektivliyinin qiymətləndirilməsi.

 

Bu araşdırma istiqamətlərində hədəf kütləsini müvafiq sahədə qiymətləndirmə və təhlillərin məqsədindən asılı olaraq aşağıdakı şəxslər və ya təşkilatları əhatə edir:

 

⮚  Əhali qrupları;

⮚  Biznes təsisatları;

⮚  Dövlət qurumları;

⮚  Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları.

 

Mərkəz fəaliyyəti zamanı - seçmənin formalaşdırılması, məlumatların toplanması və məlumatların təhlilində beynəlxalq araşdırma standartlarını əsas tutur. Aparılan araşdırmalarda tələb olunan informasiyanın təbiətindən asılı olaraq aşağıdakı kəmiyyət və keyfiyyət metodlarının bir və ya bir neçəsindən istifadə edilir:

 

⮚  Üzbəüz sorğular;

⮚  Telefon sorğuları;

⮚   Onlayn sorğular;

⮚   Fokus qruplar;

⮚   Dərinləşmiş müsahibələr;

⮚   Müşahidə metodu;

⮚   Kontent təhlil;

⮚   Statistik təhlillər;

⮚   Keys stadi metodu.

 

Məlumatların toplanması beynəlxalq sorğu standartlarına uyğun olaraq, CATI və CAPI texnologiyaları, eləcə də Milli Observatoriyanın özünəməxsus proqram təminatı olan MSS (Müayinə-Sorğu Sistemi) vasitəsilə həyata keçirilir. Məlumatların kəmiyyət təhlili zamanı SPSS, R, Python və SQL, keyfiyyət təhlili zamanı isə Nvivo proqram təminatlarından və proqramlaşdırma dillərindən istifadə olunur. Mərkəz sorğular və digər araşdırma metodları ilə respondentdən birbaşa məlumatların toplanmasına önəm verir. Məlumatlar həm birdəfəlik, həm də təkrar tədqiqatlar vasitəsilə toplanır. Bu baxımdan, təşkil edilən sorğuların əksəriyyəti dəyişən şərtləri nəzərə alaraq 3 aylıq, 6 aylıq və ya 1 illik monitorinqlər şəklində aparılır.