Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı Krallığı) keçirilən Beynəlxlaq Əmək Bazarı Konfransı çərçivəsində həmin ölkənin İnsan Resurslarının İnkişafı Fondunun tabeliyindəki Əmək Bazarı üzrə Milli Observatoriyanın rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib. Observatoriyanın əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində gördüyü işlər qeyd olunub.
Habelə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi sahəsində qurum tərəfindən sorğuların və tədqiqatların aparıldığı diqqətə çatdırılıb.
Həmçinin Səudiyyə Ərəbistanı Krallığı İnsan Resurslarının İnkişafı Fondunun tabeliyindəki Əmək Bazarı üzrə Milli Observatoriyanın fəaliyyəti barədə məlumatlar verilib.
Görüşdə iki qurum arasında sıx əlaqələrinin qurulmasının və müvafiq fəaliyyət sahələrində təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı faydalı ola biləcəyi vurğulanıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.