Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" mövzusunda konfrans keçirilib.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, dövlət rəsmiləri, millət vəkilləri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin əhatəliliyinin artırılması, adambaşına maliyyələşməyə keçid, yeni peşə təhsili müəssisələrinin tikilməsi və proqramların hazırlanması məsələlərindən danışıb.
Tədbir panel müzakirələr ilə davam edib.
“Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” adlı açılış panelində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə və kvalifikasiya standartlarının hazırlandığını bildirib. Qeyd edib ki, Nazirlik tərəfindən tətbiq edilən peşə hazırlığı proqramları çərçivəsində 130-a yaxın özəl peşə təhsili müəssisəsi ilə əməkdaşlıq edilir.
Konfransın ikinci paneli “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər” mövzusuna həsr olunub. Panel çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxış ediblər.
Bu gün Azərbaycan əmək bazarının əsas problemlərindən birinin işsiz və işaxtaranların peşə və kvalifikasiyası ilə mövcud vakansiyalar arasındakı uyğunsuzluq olduğunu deyən Mustafa Abbasbəyli bunun aradan qaldırılması üçün peşə hazırlığına diqqətin artırılmasının vacibliyini bildirib. Məşğulluğun təmin olunması üçün tətbiq edilən innovativ həllərdən və layihələrdən bəhs edən Agentlik sədri əmək bazarının rəqəmsallaşması istiqamətində tətbiq edilən ƏMAS altsistemi haqqında məlumat verib. Bildirib ki, platforma kadr inzibatçılığında iş yükünün aradan qaldırılmasına, əmək müqavilələrinin kağız formatından elektron müstəviyə keçirilməsinə şərait yaradıb.
Əmək bazarının gələcək inkişaf meyilləri haqqında çıxış edən Elnur Səfərli qurum tərəfindən aparılan təhlil nəticələri ilə tədbir iştirakçılarını tanış edib. Bildirib ki, texnoloji dəyişikliklər, urbanizasiya, əmək bazarında struktur dəyişikliklərinə səbəb olur, meqatrendlər əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə olan tələblərini, peşə təhsili ilə bağlı hansı istiqamətdə təkmilləşdirmələrə ehtiyac olduğunu əks etdirir.
Konfrans zamanı həmçinin auditoriyanı maraqlandıran suallar da çıxışçılar tərəfindən cavablandırılıb.