Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təşkilatçılığı ilə DOST Agentliyində İnsan hüquqları aylığı çərçivəsində tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının nümayəndələri, Milli Observatoriyanın İdarə Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən olduğu vurğulanıb.
Ölkəmizin əmək, məşğulluq, sosial müdafiə sahəsində hüquqlar sistemindən bəhs olunub. Bu sahədə milli qanunvericiliyin mütərəqqi yanaşmalar əsasında daim təkmilləşdirildiyi vurğulanıb. Son illər köklü sosial islahatlar çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplara qayğının artırılması istiqamətində atılan mühüm addımlar, hazırlanmış yeni qanunvericilik aktları diqqətə çatdırılıb.
Sonra “Beynəlxalq insan hüquqları” mövzusunda təlim keçirilib. İştirakçılara insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, tarixi inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı, insan hüquq və azadlıqlarının kataloqunu, ayrı-ayrı növlərini müəyyən edən beynəlxalq sənədlər barədə məlumat verilib.
Azərbaycanda insan hüquqları sahəsində, xüsusilə əmək və sosial hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər və aparılan islahatlar qeyd edilib.