Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, habelə “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Milli Observatoriyanın Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə icra etdiyi yeni “DOST Müfəttiş” layihəsi təqdim edilib.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli “DOST Müfəttiş” layihəsi, layihənin əmək bazarı iştirakçıları üçün əhəmiyyəti barədə məlumat verib. Qeyd edilib ki, layihə çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyəti ətraflı qiymətləndirmək, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyaların təşkili nəzərdə tutulur.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva layihənin iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olacağını bildirib.
Qeyd olunub ki, layihə həmçinin əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təşkilinə, “Əmək və Məşğulluq” altsisteminin tətbiqində müəssisənin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yardım edəcək.