Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Bakı Avrasiya Universitetinin rəhbər heyəti ilə görüş keçirilib.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, ali təhsil müəssisələri və analitik araşdırma mərkəzləri ilə qurulan səmərəli əməkdaşlığın gələcək əmək bazarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, əməkdaşlıq çərçivəsində universitet məzunlarının məşğulluq göstəriciləri hərtərəfli araşdırılır, bu araşdırmalar nəticəsində məzunların iş dünyasına inteqrasiyası, peşəkar bacarıqlarının əmək bazarının tələblərinə uyğunluğu qiymətləndirilir.
Eyni zamanda, əldə edilən məlumatlar əsasında gələcəkdə daha strateji yanaşmaların hazırlanması məqsədilə pirioritet peşə istiqamətləri müəyyən edilir. Bu proses, məzunların əmək bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, işəgötürənlərin ehtiyaclarını daha dəqiq təhlil etməyə və ali təhsil proqramlarının müvafiq tələblərə uyğun optimallaşdırılmasına imkan yaradır.
Bakı Avrasiya Universitetinin rektoru, dosent Səyavuş Qasımov, ali təhsil ocağının elmi və akademik potensialını gücləndirmək məqsədilə həyata keçirilən strateji təşəbbüslər haqqında ətraflı danışıb. Universitetin innovativ tədqiqat mərkəzinə çevrilməsi üçün yeni elmi proqramların tətbiqi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldığı bildirilib
Sonra E.Səfərli və S.Qasımov Milli Observatoriya ilə Bakı Avrasiya Universiteti arasında əmədaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Sənəddə BAU-nun məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması sahələrində əməkdaşlıq edilməsi, birgə tədqiqatların aparılması, elmi-praktiki konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsi əksini tapıb.