Avropa Təlim Fondunun (ETF) təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Çexiya Respublikasının Məşğulluq və Təlim üzrə Milli Obsevatoriyasının nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Qeyd olunub ki, Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlillər aparır, proqnozlar hazırlayır.
Qurum peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində Nazirliyin təlim bazası qismində də iştirak edir.
Sonra Çexiya Respublikasının Məşğulluq və Təlim üzrə Milli Obsevatoriyasının fəaliyyətindən, keçdiyi inkişaf yolundan bəhs edilib. Bildirilib ki, qurum sosial və iqtisadi dəyişikliklər fonunda insan resurslarının inkişafı haqqında məlumat toplayır və təhsil və əmək bazarındakı tendensiyaları təhlil edir.
Görüşdə qurumlar arasında əməkdaşlıq imkanları müzakirə edilib. Təcrübə mübadilələrinin təşkili, bacarıqların inkişaf etdirilməsi üçün ortaq layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.