Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Qərbi Kaspi Universiteti arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elnur Səfərli və Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri Hüseyn Bağırov imzalayıblar.
E. Səfərli görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, qarşılıqlı anlaşma nəticəsində Milli Observatoriyanın rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən universitet tələbələri üçün müvafiq sahədə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətin müxtəlif istiqamətləri üzrə “ustad dərsləri”nin və mühazirələrin təşkil edilməsi nəzərdə tutulur.
H.Bağırov Milli Observatoriyanın fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə keçiriləcək birgə layihələrin tələbələrin fəaliyyətində mühüm rol oynayacağını qeyd edib.
Memorandum çərçivəsində universitet məzunlarının əmək bazarına adaptasiyası və bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, gənclər arasında müvafiq sahədə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətin təşviqi, eləcə də bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı tədbirlərin görülməsi, birgə elmi-praktik və kütləvi nəşrlərin buraxılışının həyata keçirilməsi təmin ediləcək.