Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Odlar Yurdu Universiteti (OYU) arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyev imzalayıblar.
E.Səfərli, əmək bazarının sürətlə dəyişən trendlərini diqqətə çatdıraraq universitetlər və elmi qurumlarla əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirib ki, Milli Observatoriya tərəfindən aparılan təhlil nəticələri gənclərin əmək bazarına inteqrasiyasına, onların bilik və bacarıqlarını praktiki tələblərə uyğun formalaşdırılmasına kömək edir.
Universitetin rektoru, professor Əhməd Vəliyev çıxışında Odlar Yurdu Universitetinin fəaliyyətinin əsas prinsiplərinə toxunub. Qeyd edib ki, universitetin innovasiyalara açıq, praktiki bacarıqların inkişafına yönəlmiş və əmək bazarının çağırışlarına cavab verən bir akademik mərkəz olması əsas prioritet istiqamətlərdəndir.
Birgə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirən S. Vəliyev universitetin pedaqoji heyətinin sənəddə qeyd edilən layihələrdə aktiv iştirak edəcəyini və tələbələrin əmək bazarının real çağırışlarını daha yaxından tanıması üçün praktik təlimlər təşkil ediləcəkyini diqqətə çatdırıb.
Sənəddə əmək bazarına çıxan gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək, onların real iş mühitinə adaptasiyasını gücləndirmək və elmi araşdırmaların tətbiqi sahəsini genişləndirmək nəzərdə tutulur. Birgə seminarlar, təcrübə proqramları və analitik araşdırmalar bu əməkdaşlığın əsas dayaqlarını təşkil edəcək.
Görüş zamanı qarşıdakı layihələr haqqında fikir mübadiləsi aparılıb.