Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, milli sosial müşahidə mərkəzi olaraq Observatoriya əmək bazarını təhlil edir, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara olan tələbatı müəyyən edir, qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması üzrə sorğular aparır.
Qurum peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində Nazirliyin təlim bazası qismində də iştirak edir.
Nümayəndə heyətinə keçirilən sorğular və nəticələrindən habelə təhlil və proqnozların hazırlanması zamanı tətbiq edilən metodoloji üsullardan bəhs edilib.
K.Davlatzoda qurumlar arasında əmək və məşğulluq sahəsinin təhlili istiqamətində qarşılıqlı təcrübə mübadilələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.