Türkiyə səfərinin son günündə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) Türkiyə ofisi, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzinin (ÇASGEM) nümayəndələri ilə görüşüblər
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli ötən dövrdə Azərbaycan və təşkilatlar arasında uğurlu əməkdaşlıq gündəliyinin formalaşdığını qeyd edib. Birgə icra olunmuş proqram və layihələrin ölkəmizdə əmək və məşğulluq sahələrində aparılan islahatlarda önəmini diqqətə çatdırıb. Davamlı tərəfdaşlığa xüsusi önəm verildiyi vurğulanıb. Qurumlar arasında əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti haqqında ətraflı məlumat verilib. Əmək bazarı, məşğulluq, sosial müdafiə, demoqrafiya və s. üzrə aparılan sorğular, təhlil və proqnozlar diqqətə çatdırılıb.Yeni layihələrdən bəhs edilib.
Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzinin (ÇASGEM) sədri Elif Gökçearslan ilə keçirilən görüşdə qurumlar arasında ötən il imzalanan birgə fəaliyyət planının cari vəziyyəti və icrası haqqında müzakirələr aparılıb.
Görüşlərdə Milli Observatoriyanın institusional potensialının gücləndirilməsi, ümumi maraq doğuran mövzular üzrə birgə tədqiqatların aparılması və hesabatların hazırlanılması, sosial sahədə birgə layihələrin hazırlanaraq icrası, aidiyyəti statistik məlumatların toplanması, təhlil üzrə potensialın gücləndirilməsi və s. istiqamətlərdə əməkdaşlıq edilməsi haqqında razılığa gəlinib.