Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təşkilatçılığı ilə Təlim və İnkişaf Mərkəzinin daxili təlimçilərinin övladları üçün maarifləndirici təlim proqramı həyata keçirilib. Layihə çərçivəsində uşaqlar ASAN İnnovativ İnkişaf Mərkəzinin "Bilim Bakı" proqramına cəlb olunublar.
6-14 yaş arası uşaqları əhatə edən proqramda iştirakçılar məktəbdə əldə etdikləri nəzəri bilikləri praktik məşğələlər vasitəsilə tətbiq etmək imkanı qazanıblar. Bu, onların gündəlik həyatda elmi hadisələrin və texnologiyanın tətbiqini əyani şəkildə müşahidə etmələrinə şərait yaradıb.
Layihənin əsas məqsədi uşaqlarda yaradıcılıq, tənqidi düşüncə və problem həll etmə bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, onların gələcəkdə innovativ və təşəbbüskar fərdlər kimi formalaşmasına dəstək göstərməkdir.