Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın üç illiyi münasibəti ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, ali təhsil müəsissələrinin, Azərbaycan Türk İş Adamları Birliyinin (ATİB) rəhbər şəxsləri, tədqiqat mərkəzlərindən nümayəndələr iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Nazirliyin tabeliyində publik hüquqi şəxs olaraq yaradılan Milli Observatoriyanın sosial islahatlar prosesində önəmini vurğulayıb.
Nazir müavini əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf meyillərinin öyrənilməsi üzrə monitorinqlərin aparılması, səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlanması istiqamətlərində qurum tərəfindən məqsədyönlü işlərin görüldüyünü qeyd edib.
V.Nəsirli Milli Observatoriyanın nazirliyin təlim bazası kimi də peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibində əhəmiyyətli rolunu diqqətə çatdırıb.
Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elnur Səfərli əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində qurumun fəaliyyətindən bəhs edib. Qurumda aparılan tədqiqatlara dair məlumatlar verilib. İşçilərin fəaliyyətinin qiymətləndirilməsi, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və optimallaşdırılması üzrə xidmətlərin də hazırlanmaqda olduğu qeyd edilib.
Observatoriyada keçirilən təlimlərdən bəhs olunub. Sorğu müayinə mərkəzi olaraq qurumda yeni xidmətlərin bazar araşdırmasının, vətəndaş və işçi məmnuniyyəti sorğularının həyata keçirildiyi də bildirilib.
Vurğulanıb ki, Milli Observatoriya təhlil və tədqiqat mərkəzi olaraq regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
ATİB sədri Cemal Yaygın və gözdən əlilliyi olan professor Elnur Eyvazov fəxri qonaq qismində çıxış ediblər.
Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi istiqaməti üzrə təlim kurslarındakı əlilliyi olan şəxslərin ifalarından ibarət konsert proqramı ilə yekunlaşıb.