Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 4 il ötür.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun 4 illik fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında bildirib ki, Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir.
Qurumun fəaliyyətinin sorğu-monitorinq, təhlil-tədqiqat, qiymətləndirmə və təlim-inkişaf istiqamətləri üzrə təşkil olunduğu qeyd edilib. Observatoriya tərəfindən ötən dövrdə 12 mövzuda 9,7 mindən çox respondent arasında sorğular təşkil edildiyi bildirilib.
Həmçinin yuxarı sinif şagirdləri arasında peşə seçimi ilə bağlı sorğu keçirildiyi, şagirdlərin təhsil perspektivləri, peşə və ixtisas seçiminə təsir edən faktorlar, məqsədyönlü ixtisas seçimini təşviq edən amillər kimi vacib məsələlərin öyrənildiyi diqqətə çatdırılıb.
Eyni zamanda, sosial islahatlar, bacarıqların proqnozlaşdırılması, peşə təhsili və s.ilə bağlı aparılan təhlillərdən bəhs olunub. İqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələblərin, strateji məşğulluq sahələrinin müəyyən olunması sahəsində aparılan sorğu və təhlillər diqqətə çatdırılıb. Bu sorğu və təhlillərin nəticələrinə uyğun olaraq müvafiq sahələr üzrə təkliflərin, proqnozların hazırlandığı qeyd olunub.
Nazirliyin təlim bazası qismində də iştirak edən Milli Observatoriyanın ötən müddət ərzində Nazirlik Aparatı və Nazirliyə tabeli qurumların əməkdaşları üçün 61 mövzu üzrə təlimlər keçirdiyi, təlim və təlimçi reyestri formalaşdığı qeyd olunub. Əməkdaşların fasiləsiz peşəkar inkişafı üçün 2023-2025-ci illər üzrə Təlim Strategiyasınln hazırlanaraq təqdim edildiyi, Sosial Jurnalistika təlimlərinin də təşkil olunduğu bildirilib.
Observatoriyanın müvafiq mərkəzlərlə, ali təhsil müəssisələri ilə əməkdaşlığından və təcrübə mübadilələrindən, Milli Observatoriyanın institusional potensialının gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub.
Təhlil tədqiqat mərkəzi olaraq qurumun regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməyi hədəflədiyi vurğulanıb.