Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən 2024-cü il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatına və Nazirliyə tabeli qurumlarda, özəl və digər dövlət qurumlarında çalışan 6163 nəfər əməkdaşa 276 təlim təşkil edilib.
Təlimlər, funksional və yumuşaq bacarıqlar, İnformasiya Texnologiyaları (İT) üzrə ümumilikdə 71 müxtəlif mövzunu əhatə edib.
Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzi Nazirlik sistemində çalışan mütəxəssislərin peşəkarlığının artırılması üçün təlim proqramlarını tərtib edir və onların həyata keçirilməsində nazirliyin təlim bazası qismində iştirak edir.
Qurum tərəfindən media nümayəndələrinin sosial sahədə savadlılığının artırılmasına dəstək göstərilməsi məqsədilə hər il mütəmadi olaraq Sosial Jurnalistika təlimləri təşkil edilir. Bu vaxta qədər Nazirliyin 160 xidməti üzrə 7 Sosial Jurnalistika təlimi baş tutub.
Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə “DOST Müfəttiş” layihəsi çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyətin qiymətləndirilməsi aparılıb nəticələrə əsasən müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilib.
Ötən il qurum tərəfindən aparılan fəaliyyət beynəlxalq standartlarla təsdiqlənib. Beləki, keçirilən qiymətləndirmə nəticəsində təlimlərin təşkili və həyata keçirilməsi üzrə ISO 9001:2015 “Keyfiyyəti İdaretmə Sistemi”, ISO 10015:2019 “Kompetensiyaların (səriştələrin) idarə edilməsi və personalın inkişafı üzrə rəhbərlik” və ISO 29993:2017” üç beynəlxalq ISO sertifikatları Milli Observatoriyaya təqdim edilib.