Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımovun ailəsini ziyarət edib. Şəhidimizin övladları Əlirza və Hüseynlə görüşüb.
Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başladığı gün Qubadlı və Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı Füzulidə şəhid olub.
Vəzifə borcunu şərəflə yerinə yetirən şəhidimiz Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Qubadlının azad olunmasına görə" ,"Vətən uğrunda" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Görüşdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından, vətənə olan sevgisindən bəhs edilib. Qeyd olunub ki, bütün şəhidlərimiz kimi Abbas Qasımovun da əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.
Dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarını geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunub. Şəhidimizin ailəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilib, sosial ödənişlər təyin edilib
Şəhidin ailəsinin bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!