Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin üzvləri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əhədov Mehracın ailəsini ziyarət ediblər.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və şücaət nümayiş etdirən Mehrac Əhədov Gecəgözlü kəndi istiqamətində şəhid olub. O, Prezident İlham Əliyevin Sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Görüşdə şəhidin xatirəsi yad edilib. Keçdiyi döyüş yolunda, vətənə olan sevgisindən bəhs edilib. Bildirilib ki, şəhidimizin adı daim qəlbimizdə yaşayacaq.
İdarə heyətinin sədri Elnur Səfərli ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Qeyd olunub ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranları geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunub. Şəhid Mehrac Əhədovun ailəsinə də sosial ödənişlər təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə Bakı şəhərində iki otaqlı mənzil ilə təmin edilib. Hal hazırda həmin mənzildə şəhidimizin digər ailə üzvləri yaşayır.
Şəhidin ailəsinin bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!