Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin üzvləri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Səxavət Adıgözəl oğlunun ailəsini ziyarət ediblər.
Ağdərə rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı igidlik və böyük şücaət nümayiş etdirərək şəhid olan Səxavət Məmmədov, Prezident İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüşdə şəhidin xatirəsi yad edilib. Keçdiyi döyüş yolundan, vətənə olan sevgisindən bəhs edilib.
Qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarını geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunub. Şəhid Səxavət Məmmədovun ailəsinə də sosial ödənişlər təyin edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidin ailəsi mənzillə təmin edilib.
Şəhidin ailəsinin bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!