Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə 2022-ci ildən əməkdaşlıq etməyə başlayıb. Qurumlar arasında imzalanmış birgə əməkdaşlıq haqqında memoranduma aşağıdakı fəaliyyətlərin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq daxildir:
⮚ Universitetin elmi və tədris-innovasiya infrastrukturundan Milli Observatoriyanın əməkdaşlarının faydalanması və bu istiqamətdə qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi ilə birgə əməkdaşlıq və dialoq platformasının hazırlanması;
⮚ Universitetdə fəaliyyət göstərən peşəkar tədqiqatçıların aşkarlanması, Milli Observatoriyanın fəaliyyətində onların bilik, bacarıq və təcrübəsindən, səmərələşdirici təkliflərindən istifadə olunması istiqamətində tədbirlərin görülməsi;
⮚ Universitetin müvafiq sahədə ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələrinin təcrübə proqramlarında, istehsalat təcrübəsində, o cümlədən seminar və təlimlərdə iştirakının dəstəklənməsi, müxtəlif elmi-praktik təhlil və tədqiqat işlərinin aparılmasına metodiki köməklik göstərmək üçün Milli Observatoriyanın əməkdaşlarının cəlb olunması;
⮚ Müvafiq sahə üzrə tədqiqatların, araşdırmaların və təhlillərin Universitetin təsisatları ilə əməkdaşlıq əsasında həyata keçirilməsi, habelə yerli və beynəlxalq elmi mühitə birgə çıxış üçün tədbirlərin görülməsi, bu istiqamətdə Tərəflərin imkanlarından istifadə edilməsi;
⮚ Milli Observatoriyanın fəaliyyətində elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi, müvafiq sahədə innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması və təkliflərin hazırlanması məqsədi ilə birgə fəaliyyət göstərilməsi;
⮚ Universitetlə əməkdaşlıq çərçivəsində gənclər arasında müvafiq sahədə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətin təşviqi, eləcə də bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı birgə tədbirlərin görülməsi;
⮚ Milli Observatoriyanın rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən Universitet tələbələri üçün müvafiq sahədə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətin müxtəlif istiqamətləri üzrə “ustad dərsləri”nin, müvafiq sahədə müxtəlif spesifik mövzular üzrə birgə mühazirələrin təşkil edilməsi;
⮚ Müvafiq sahə üzrə təlimlərə Universitetin mütəxəssislərinin təlimçi kimi dəvət edilməsinin təmin edilməsi;
⮚ Tərəflərin təşkil etdiyi konfrans, simpozium və digər bu kimi tədbirlərdə qarşılıqlı şəkildə nümayəndələrin iştirakı və dəvət olunan yerli və beynəlxalq ekspertlərin cəlb olunması ilə müvafiq mühazirə və təcrübə mübadilələrinin həyata keçirilməsi;
⮚ Universitet ilə Milli Observatoriya arasında əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsi;
⮚ Beynəlxalq təşkilatlar və fondlardan birdəfəlik qrant formasında vəsait cəlb etmək, qrant layihələrində iştirak etmək və qanunla qadağan edilməyən digər maliyyə resurslarının cəlb olunması istiqamətində birgə fəaliyyət göstərmək, müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflər vermək;
⮚ Əməkdaşlıq çərçivəsində müvafiq sahədə innovasiyaların tətbiqi və səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə birgə təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
⮚ Müvafiq sahədə birgə elmi konfransların, simpozium və digər bu kimi tədbirlərin təşkil edilməsi, birgə elmi-praktik və kütləvi nəşrlərin buraxılışının həyata keçirilməsi;
⮚ Universitet məzunlarının əmək bazarına adaptasiyası və bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, bununla bağlı müvafiq təkmilləşdirmələrin aparılması üzrə müvafiq təkliflərin hazırlanması istiqamətində birgə fəaliyyət göstərilməsi;
⮚Tərəflərin əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün mövcud imkanları daxilində birgə tədbirlərin görülməsi;
⮚ Universitetin elmi-texniki potensialı və infrastrukturu hesabına ölkədə əmək bazarında və sosial müdafiə sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf meyillərinin öyrənilməsi, monitorinqlərin həyata keçirilməsi və bu sahələrdə təhlil və proqnozların hazırlanması işində Milli Observatoriyaya hərtərəfli kömək göstərilməsi;
⮚ Qarşılıqlı şəkildə razılaşdırılmış qanunla qadağan edilməyən digər fəaliyyət növləri və əməkdaşlıq formaları.