Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Bakı Dövlət Universiteti (BDU) arasında görüş keçirilib. Görüşdə Observatoriya tərəfindən Universitetin məzunlarının məşğulluq vəziyyətinin təhlil nəticələri təqdim edilib.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli bildirib ki, Universitet məzunlarının məşğulluq vəziyyətinin təhlil edilməsi üçün 47 199 nəfər BDU tələbəsinin təhsil məlumatları, 23 978 məzun məlumatları və 12 500 nəfərin məşğulluğuna dair məlumatlarından istifadə edilib.
Təhlil nəticəsində məşğulluq göstəricisi yüksək olan top 15 ixtisas müəyyən edilib. Məlum olub ki, məşğulluq göstəricisi ən yuxarı olan İqtisadiyyat və idarəetmə, Kənd təsərrüfatı ixtisas qruplarıdır. Məşğulluq göstəricisi ən yüksək olan məzunlar isə Geologiya, Hidrometeorologiya, Menecment ixtisaslarını bitirən tələbələrdir.
Təhlil zamanı Universitet və filial üzrə məşğulluq müqayisəsi aparılıb, ixtisas qruplarında və ixtisaslarda tələbələrin say trendi habelə orta əməkhaqqı göstəriciləri müəyyən edilib.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev təhlil nəticələrini universitet məzunlarının əmək bazarına uğurla inteqrasiya olunmasına və tələbələrin gələcək karyera perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addım kimi dəyərləndirib.
Qeyd edilib ki, təhlil nəticələrinə əsasən tələbələrin iş həyatına daha asan uyğunlaşması üçün müxtəlif proqramlar tətbiq ediləcək.