Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə missiyasının üzvləri ilə görüş keçirilib.
Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Hasil Abbasov hazırda qurum tərəfindən aparılan tədqiqat mövzuları haqqında məlumat verib. Bildirib ki, Milli Observatoriya tərəfindən əmək bazarında məşğulluq səviyyəsinin ölçülməsi istiqamətində mütəmadi olaraq təhlillər aparılır.
Missiyanın üzvləri Milli Observatoriya tərəfindən “Azərbaycanda Əmək Bazarında İş Elanlarının Təhlili” mövzusunda aparılan tədqiqatın faydalarından bəhs ediblər. Sosial müdafiə məsələləri üzrə baş mütəxəssis Mirey Ovadiya və baş iqtisadçı Sirma Demir Şeker özünüməşğulluq proqramının genişləndirilməsi və effektivliyinin artırılmasına dəstək olmaq məqsədi ilə iş elanları təhlilinin əhatə dairəsinin genişləndirilməsini təklif ediblər.
Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək perspektivlər də müzakirə edilib.