Milli Observatoriya Cənubi Qafqazda sorğu və araşdırmalar sahəsində fəaliyyəti İSO 20252:2019 standartına uyğunluğu təsdiqlənən ilk qurumdur
Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 5 il ötür.
Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya sahələri üzrə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə monitorinq, təhlil və tədqiqat, proqnozlaşdırma işlərini yerinə yetirir.
Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi Milli Observatoriyanın əsas vəzifələri sırasındadır. Bu məqsədlə mütəmadi olaraq ölkə üzrə işəgötürənlər və müxtəlif əhali qrupları ilə sorğular keçirilir. Ötən müddət ərzində qurum tərəfindən 15 mövzuda 11 mindən çox respondent arasında sorğular təşkil edilib. Həmçinin təhsil müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyasının təhlilləri əsasında Milli Observatoriya tərəfindən əmək bazarında ən çox ehtiyac yaranan peşə istiqamətləri müəyyən edilir.
Milli Observatoriya Cənubi Qafqazda sorğu və araşdırmalar sahəsində fəaliyyəti İSO 20252:2019 standartına uyğunluğu təsdiqlənən ilk qurumdur və son illərdə fərqli istiqamətlər üzrə ümumən 5 beynəlxalq İSO sertifikatı ilə təltif edilib.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində çalışan mütəxəssislərin peşəkarlığının artırılması üçün təlim proqramları tərtib edən Milli Observatoriya bu sahədə təlim bazasıdır. Qurum həmçinin iş yerlərində əmək münasibətləri və insan resursları üzrə cari vəziyyətin qiymətləndirməsini, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyaların təşkilini, habelə “Əmək və Məşğulluq” altsisteminin tətbiqində müəssisələrə dəstəyin göstərilməsini həyata keçirir.
Müvafiq beynəlxalq və yerli mərkəzlərlə, ali təhsil müəssisələri ilə fəal əməkdaşlıq edən Milli Observatoriyanın təhlil-tədqiqat mərkəzi olaraq əsas məqsədi regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməkdir.