Milli Observatoriya sorğu və araşdırmalar sahəsində fəaliyyətinə görə Cənubi Qafqazda İSO 20252:2019 standartına uyğunluğu təsdiqlənən ilk qurum olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya daha iki İSO beynəlxalq sertifikatı təqdim edilib.
Bunlar İSO 20252:2019 (“Bazar, rəy və sosial araşdırmalar, o cümlədən anlayışlar və məlumat analitikası”) və ISO 37001:2016 (“Antikorrupsiya idarəetmə sistemi”) sertifikatlarıdır.
Beləliklə, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya sorğu və araşdırmalar sahəsində fəaliyyətinə görə nəinki Azərbaycanda, ümumən Cənubi Qafqazda İSO 20252:2019 standartına uyğunluğu təsdiqlənən ilk qurum olub.
Həmin standart bazar araşdırmasının necə planlaşdırılması, aparılması, monitorinqi və tədqiqat layihələri həyata keçirən müştərilərə hesabatların verilməsi ilə bağlı təlimat və tələbləri təmin edir. Onun tətbiqi sorğu praktikasında şəffaflığın artırılmasına, sorğunun nəticələrinə və tədqiqat məlumatları təminatçılarına inam yaratmaq məqsədi daşıyır.
ISO 37001:2016 standartı isə idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərinin aradan qaldırılması üçün təlimat dəstəyini təmin edir. Bu standartın tətbiqi qurumun müvafiq istiqamətlərdə fəaliyyətinin daha da təkmilləşməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.