Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin qiymətləndirmə missiyasının üzvləri və məsləhətçi Valid Madhoun ilə görüş olub.
Görüş iştirakçılarına Milli Observatoriya tərəfindən əmək bazarının təhlili istiqamətində aparılan son tədqiqat nəticələri haqqında məlumat verilib. Peşə və ixtisaslara olan tələbatın müəyyən edilməsi, strateji məşğulluq sahələrinin inkişaf perspektivləri və bu istiqamətdə görüləcək işlərdən bəhs edilib.
Missiya üzvləri ilə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti mərhələnin qiymətləndirilməsi müzakirə edilib. Əmək bazarında peşə və ixtisaslar üçün tələb olunan əsas bacarıqların müəyyənləşdirilməsi istiqamətində Observatoriya ilə birgə sorğu və monitorinqlərin həyata keçirilməsi, əldə edilən nəticələrin təhlili və gələcək əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.