Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva imzalayıblar.
E.Səfərli əmək və məşğulluq, sosial müdafiə sahələri üzrə Milli Sosial Müşahidə Mərkəzi olaraq Milli Observatoriyanın fəaliyyətindən danışıb. Bildirib ki, Observatoriyanın institusional potensialının gücləndirilməsi istiqamətində ali təhsil müəssisləri və təhlil tədqiqat mərkəzləri ilə uğurlu əməkdaşlıq edilir. Əməkdaşlıq çərçivəsində universitet məzunlarının məşğulluq göstəriciləri təhlil edilir, tələbə və məzunlar təcrübə proqramlarına cəlb edilir.
S. Əliyeva qeyd edib ki, kadr hazırlığında iş dünyasının və müasir dövrün çağırışlarına diqqət edilməsi universitetin rəqabət qabiliyyətinin artırılması üçün öncəliklər arasındadır. Tədqiqat universitetinə çevrilmək və universitet-sənaye əməkdaşlığının möhkəmləndirilməsi istiqamətlərində davamlı və ardıcıl işlərin aparıldığını diqqətə çatdıran rektor, əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
Sənəddə AU-nun məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi, birgə tədqiqatların aparılması, elmi-praktiki konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsi, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması öz əksini tapıb.