Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.
E.Səfərli əmək və məşğulluq, sosial müdafiə sahələri üzrə milli sosial müşahidə mərkəzi olaraq Milli Observatoriyanın fəaliyyətindən bəhs edib. Bildirib ki, Observatoriyanın institusional potensialının gücləndirilməsi işlərində ali təhsil müəssisələri və təhlil tədqiqat mərkəzləri ilə əməkdaşlığa xüsusi önəm verilir. Təhlil və tədqiqat sahələri üzrə təcrübə mübadilələri aparılır, tələbə və məzunlar təcrübə proqramlarına cəlb edilir.
E.Babayev, Milli Observatoriya ilə əməkdaşlığın geniş spektrləri əhatə edəcəyini bildirib. O, sosial sahənin araşdırılmasında Milli Observatoriya tərəfindən keçirilən sorğuların əhəmiyyətini qeyd edib. Bildirib ki, təcrübə proqramları vasitəsi ilə tələbələrin iş mühitinə adaptasiya olunması və əmək bazarına inteqrasiyası ali təhsil müəssislələri üçün mühüm əhəmiyyət daşıyır.
Memoranduma əsasən tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin və proqramların hazırlanması və icrası, təhsilalanların müvafiq sahələrdə bilik və bacarıqlarının formalaşdırılması istiqamətində əməkdaşlıq edəcək.
Tərəflər habelə Bakı Dövlət Universitetinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi sahələri üzrə birgə tədqiqatlar, araşdırma və təhlillər aparacaq, birgə elmi-praktiki konfranslar, simpozium və digər tədbirlər keçirəcək.
Sənəddə əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması öz əksini tapıb.