Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri ilə görüş olub.
Görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Qeyd olunub ki, Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlillər aparır, proqnozlar hazırlayır.
Qurum peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində Nazirliyin təlim bazası qismində də iştirak edir.
Görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, Agentlik ölkənin İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasını təşviq edərək bu sahədə təhsil və karyera imkanlarının əlçatanlığını təmin edir.
Agentlik nümayəndələrinə “Azərbaycanda Əmək Bazarında İş Elanlarının Təhlili” mövzusunda Milli Observatoriya tərəfindən aparılan tədqiqatın nəticələri təqdim edilib.
Agentlik ilə Milli Observatoriya arasında regionlar üzrə əmək bazarında İKT sahəsi üzrə mütəxəsislərin müəyyən edilməsi səbəbi ilə sorğuların keçirilməsi regionlar üzrə bölgülərin aparılması, bu istiqamət üzrə əmək bazarın təhlil edilməsi və digər mövzularda əməkdaşlıq imkanları müzakirə edilib.