Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Sosial Müdafiə Qurumlarını (SGK) ziyarət ediblər. Təşkilatların faəliyyət istiqamətləri ilə tanış olublar.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib. O, bu görüşlərin yeni əməkdaşlıq imkanları açdığını vurğulayıb.
Görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti barədə ətraflı məlumat verilib. Əmək bazarı, məşğulluq, sosial müdafiə, demoqrafiya və s. üzrə aparılan sorğular, təhlil və proqnozlar diqqətə çatdırılıb. Dost Müfəttiş layihəsindən bəhs edilib.
Görüşlərdə qeyri-formal məşğulluğun ölçülməsi və ortadan qaldırılması ilə bağlı müzakirələr aparılıb. Qurumlarla qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün birgə fəaliyyətin təşkili barədə razılıq əldə edilib.