Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” layihəsinin icrasına dair onlayn görüş keçirilib.
Görüşdə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və “Marsol Group“un üzvləri iştirak edib.
Görüşdə layihənin əmək bazarı iştirakçıları üçün əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyəti ətraflı qiymətləndirmək, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyaların təşkili, əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqi və əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır.
Habelə layihə çərçivəsində iş yerlərinə “Əmək və Məşğulluq” altsisteminin tətbiqində müəssisənin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yardım ediləcək.
Layihənin icrası ilə bağlı gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəfləri maraqlandıran suallar cavablandırlıb.