Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın iştirakı ilə Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Rəqabətqabiliyyətli mütəxəsis hazırlığı müasir təhsilin əsas məqsədidir” mövzusunda respublika elmi-praktik konfrans keçirilib.
Konfransda ulu öndərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, inkişafı yolunda misilsiz xidmətlərindən, eləcə də təhsilin inkişafı və milli kadrların hazırlanması istiqamətində atdığı tarixi addımlarından bəhs olunub.
“Azərbaycanda əmək bazarının keyfiyyət təhlili” mövzusunda çıxış edən Milli Observatoriyanın Idarə Heyətinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Sənnur Əliyev konfrans iştirakçılarına qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Əmək bazarının araşdırılması və prioritet peşələrin müəyyən edilməsi məqsədi ilə aparılan tədqiqat işlərindən bəhs edilib
Milli Observatoriyanın Təhlil və tədqiqatlar şöbəsinin baş mütəxəssisi Elnarə Qəribova Qloballaşma şəraitində miqrasiyanın əsasları və Azərbaycan ərazisində əhali miqrasiyasının yaratdığı sosial-iqtisadi proseslər haqqında məruzə ilə çıxış edib. Qurumun bu istiqamətdə apardığı tədqiqatlardan, əmək bazarının miqrasiya prosesinə göstərdiyi təsirdən bəhs edib.
Konfrans işini 8 istiqamət üzrə bölmə iclaslarında davam etdirib.