Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın rəhbər heyəti Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Budaqov Yusif Ramiq oğlunun anasını ziyarət ediblər.
Aprel döyüşlərində iştirak edən Yusif Budaqov Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılıb. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Yusif göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , ”Xocavəndin azad olunmasına görə " və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüşdə şəhidin xatirəsi yad edilib, keçdiyi döyüş yolundan, vətənə olan sevgisindən bəhs edilib. Bildirilib ki, düşmənin əsas qruplaşmalarının məhv edilməsi zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.
Qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarını geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunub. Şəhid Yusif Budaqovun ailəsinə də sosial ödənişlər təyin edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidin ailəsi mənzillə təmin edilib.
Şəhidin ailəsinin bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!